Naməlum Müharibə Hekayələri| Batan gəminin əskinasları... Nasistlər milyonlarla türk lirəsini necə bombalayıb məhv etdilər?

2023/05/879-5050657356.jpg
Oxunub: 7333     16:24     08 İyun 2023    
Britaniyanın “City of Rubaix” gəmisi, demək olar ki, orta ölçülü bir Afrika ölkəsinin büdcəsinə bərabər olan əskinas yükü ilə yavaş-yavaş suya batarkən Hollivud filmlərinə yaraşan maraqlı mənzərə yarandı. 100 lirə, 1 lirə və 50 kuruşluq türk sikkələri Pirey limanının sularında bağlamalar halında üzməyə başlamışdı. Təxminən yarım saat sonra bütün liman üzərində İsmət İnönü portreti olan yepyeni əskinaslarla örtüldü.

Xəbər tezliklə şəhərə yayılan kimi minlərlə kasıb yunan limana axışdı. Mənzərəni görənlər dərhal paltarlarını çıxararaq özləri ilə gətirdikləri çantalarla dənizə atılırdılar. Nasistlərin hava hücumundan cəmi bir neçə saat sonra “milyonçu” olmuş ən azı bir neçə yüz insan o zamanlar Avropanın ən prestijli valyutası olan türk lirəsindən istifadə edərək Pirey küçələrində dolaşırdılar.

Ətrafında olan bütün məmurlar haqlı olaraq “Milli Rəis”ə belə xoşagəlməz xəbər verməkdən qaçırdılar. Çünki hər keçən gün daha da şiddətlənərək Türkiyənin yanında olan ölkələri xarabalığa çevirməyə başlayan amansız dünya müharibəsi milli azadlıq mübarizəsinin şərəfli, lakin yoxsul qalibi olan Türkiyə Cümhuriyyətinin də iqtisadi cəhətdən nəfəsini kəsmişdi.

Ölkədə həyati əhəmiyyət kəsb edən hər şey istisnasız olaraq dağıdılmaqda idi. 18 milyonluq Anadoluda əhalinin böyük əksəriyyəti axşam saatlarında tam doymamışdan əvvəl yatmağa gedirdi. Belə bir mənzərədə “fəlakət” xəbəri saatlarla Baş Nazir Aparatının ətrafında top kimi dolandı. Hər bir nazir “Əlahəzrət İsmət Paşaya xəbər vermək mənim vəzifəm deyil” deyərək pası başqasına atırdı və saatlar keçdikcə “Pireydə baş verən xoşagəlməz hadisəni” dövlətin zirvəsinə çatdırmaq mümkün olmurdu.


Sonda Baş nazir Refik Saydam bu xoşagəlməz işi özü üzərinə götürmək qərarına gəlib. Onun hüzura çıxmazdan əvvəl dua edib-etmədiyi məlum deyil, lakin malikanənin qapısından içəri girərkən keçirdiyi narahatçılıq heç şübhəsiz aydın görünürdü. Saydam, katiblikdə qısa bir gözləmədən sonra prezident İnönünün hüzuruna aparıldı.

Qurtuluş Döyüşünün simvolik adlarından biri, təcrübəli cəbhə komandiri İsmət İnönü uzun müddət əvvəl çəkmələrini çıxarmışdı və indi çox fərqli bir cəbhədə, “beynəlxalq siyasət” səhnəsində vuruşurdu. Prezidentin son böyük vəzifəsi Avropanı viran qoyan nasizmin dağıdıcı və ekspansionist bəlasını Türkiyədən uzaqlaşdırmaq idi. Onun bu istiqamətdə böyük çətinliklərlə əldə etdiyi uğurun müharibədən yorulan türk milləti üçün “kütləvi aclıq” kimi çox alçaldıcı bir qiyməti var idi.

İnönü Baş nazirlə görüşən kimi bildirib: “Buyurun, möhtərəm Baş nazirim. Siz mənimlə çox təcili danışmağı xahiş etdiniz. Doğrusu, belə təcili məsələnin nə ola biləcəyi mənə də maraqlı gəldi”.

Saydam bir-iki dəfə öskürüb, haradan başlayacağını ölçüb-biçib və deyib: “Möhtərəm Prezidentim. Aldığımız təcili teleqram nəticəsində öyrəndik ki, bu gün Yunanıstanın Pirey limanında bizim üçün çox xoşagəlməz bir hadisə baş verib”.

Prezident cavab olaraq “Bu nə cür hadisədir?” deyib.

İsmət Paşanın üzünü birdən dərin narahatlıq bürüyüb.

Baş nazir davam edib: “Bizim pulumuz, cənab, yeni çap edilmiş əskinaslarımız... Bir neçə saat əvvəl onlara Alman diktatoru Adolf Hitlerin təyyarələri hücum etdi. Hamısı Pireydə dənizə töküldü. Hazırda yunan xalqı onları talamaqla məşğuldur!”.

Müharibəyə müqavimət göstərməyin qiyməti: Aclıq və səfalət

Gənc Türkiyə Cümhuriyyəti 1923-cü ildən tətbiq etdiyi sərt pul siyasəti ilə 15 il ərzində inkişaf etməkdə olan ölkələrin bəlası olan inflyasiyaya qarşı çox uğurlu müqavimət göstərmişdi. Türk lirəsinə beynəlxalq aləmdə layiq olduğu nüfuzu vermək üçün Atatürk dövrü hökumətlərinin qətiyyətli mövqelərinin böyük rol oynadığı şübhəsizdir.

Türkiyə Cümhuriyyətinin qurucusunun vəfatından bir gün sonra 1938-ci il noyabrın 10-da Türkiyə Böyük Millət Məclisi 348 deputatın yekdil səsi ilə İsmət İnönünü ölkənin ikinci prezidenti seçdi. İnönünün iqtisadi siyasətləri Atatürkün tutduğu yoldan çox da ciddi şəkildə sapmırdı.


Əslində İsmət İnönü hətta bu mənada silahdaşından qat-qat “əli sıx” sayıla bilərdi. Zərərsiz və nəzarətli böyüməyi hədəfləyən İnönü, İkinci Dünya müharibəsi başlamasaydı, bəlkə də daha mənalı uğur qazanardı. Ancaq Atatürk sağ ikən belə ilk siqnallarını verməyə başlayan müharibə rəsmən 1939-cu ildə başlayanda Prezidentin ağır bir qənaət siyasəti ilə xalqı iqtisadi çöküşdən qorumaqdan başqa çarəsi qalmamışdı.

Birincisi, bahalı sənaye investisiyaları yavaşladı. Sonra siyasi tədbir olaraq təcavüzkar Almaniya ilə bütün ticarət əlaqələr dayandırıldı. Ancaq bunlar ölkənin iki tərəfini bir araya gətirmək üçün kifayət etmədi. Bunun üzərinə Refik Saydam hökuməti müharibənin gətirdiyi iqtisadi çətinlikləri əsas gətirərək 1940-cı ilin may ayında gəlir vergisini 50 faiz artırdı. Həmin ilin iyun ayında mənfəətpərəst alverçilərin müharibə şəraitindən sui-istifadə edərək, özbaşına artımlarla qiymətləri artırmasının qarşısını almaq məqsədilə “qiymət monitorinq komitələri” yaradıldı. Digər tərəfdən, fermerlər də məhsulun növü və miqdarı barədə mütəmadi olaraq səlahiyyətli orqanlara məlumat verməyə borclu idilər.

Ölkənin iqtisadi cəhətdən təhlükəsizliyini təmin etmək səylərinin son mərhələsində Nazirlər Şurası ABŞ və onun Avropalı müttəfiqlərinin xoşuna gəlməyən 12 iyun 1940-cı il tarixli qərarını açıqladı. Baş nazir Saydam parlament tribunasından verdiyi açıqlamada Türkiyənin mövqeyini maraqla gözləyən dünyaya “Ankara hökumətinin müharibədə bitərəf qalacağını” bəyan edirdi.

Bu tarixi qərarla ölkə qaynar müharibənin məhvindən qorunarkən, gündəlik həyatda yaşanan faciələrlə “böyük güc paylaşımına” qatılmamasının bədəlini ödəməyə başlayacaqdı. 1940-cı il dekabrın 3-də qüvvəyə minən qanuna əsasən, çörək, yağ, şəkər və un kimi əsas ərzaq məhsulları qiymətlər siyahısı ilə əhaliyə paylanmağa başlanmışdı. Bu prosesdə qiymətlər siyahısına ehtiyacı olmayan bir qrup döyüş varlısından başqa heç kəsin verilən gündəlik yeməklə qarnını tam doyurmaq imkanı yox idi.

Digər tərəfdən, inflyasiyaya səbəb olan müharibə iqtisadiyyatı getdikcə daha çox nominalın çapını zəruri edirdi. O dövrdə hələ keyfiyyətli kağız pul çap etmək imkanı olmayan Türkiyə İngiltərənin məşhur “Thomas De La Rue” mətbəəsi ilə ilk dəfə dövriyyəyə buraxılacaq 500 və 1000 lirəlik əskinasların çapı üçün müqavilə bağladı. Sözügedən mətbəə sifarişli yeni sikkələrin çapını qısa müddətdə başa çatdıraraq Türkiyə hökumətinə təhvil verərkən, türk xalqı bu münasibətlə Atatürkün yerinə İnönü portreti olan ilk əskinasları qarşılayırdı.


Həmin günlərdə 1941-ci ilin büdcəsi 304 milyon 971 min 662 türk lirəsi olaraq qərarlaşdırıldı və parlamentdə təsdiq olundu. Türkiyənin müharibədəki mövqeyi siyasət dili ilə desək, “silahlı neytrallıq” olaraq təyin olunmuşdu və hər an hücuma məruz qala biləcəyini nəzərə alsaq, bu cür neytrallıq güclü ordunu qidalandırmaq üçün lazım idi. Ankaranın bu ağır müdafiə xərclərini xalqın hesabına həyata keçiriləcək çox sərt iqtisadi tədbirlərlə maliyyələşdirməkdən başqa çarəsi yox idi.

Pirey limanında unudulmaz gün

Ölkə baş verən dünya müharibəsinin gətirdiyi iqtisadi yükü ən az zərərlə sovuşdurmağa çalışarkən, 1941-ci il aprelin 16-da Yunanıstanın Pirey limanından gələn şok xəbər hökumətin bütün iqtisadi hesablamalarını alt-üst edəcəkdi.

Daha əvvəl bir neçə dəfə Türkiyə hökuməti üçün pul çap etmiş Londonda yerləşən “Thomas De La Rue” mətbəəsi Ankaranın son toplu sifarişi olan, üzərində İnönünün portreti olan 50 və 100 lirəlik, habelə 50 kuruşluq əskinasların çapını başa çatdırmışdı, onları Aralıq dənizindən İstanbula daşımaq üçün “City of Roubaix” adlı gəmiyə yükləmişdi. 1940-cı ilin oktyabrında yola çıxan gəminin normalda maksimum iki həftə çəkən səyahəti müharibə şərtlərinə görə 5 aya qədər uzandı. Çünki işin zarafatı yox idi. Bir müddət əvvəl Almaniyanın Londonu bombalaması nəticəsində pulu çap edib göndərən “Tomas De La Rue” mətbəəsi də ciddi ziyan görmüşdü.

Nasistlərlə “qaçdı-tutdu” oynayaraq həyata keçirilən bu çətin səyahət zamanı çatdırılma üçün bir sıra Avropa limanlarında lövbər salmış “City of Roubaix” İstanbuldan əvvəlki son dayanacağı olan Pireydə bir daha dayandı. Baş verənlər bu son dayanmada oldu.

Yunanıstana qəfil hava hücumu həyata keçirən nasistlər Pirey də daxil olmaqla, Yunanıstanın bir sıra şəhərlərində ardıcıl intensiv bombardmanlar həyata keçirmişdi. Sıx bir liman olan Pireydə əsas hədəf sahil boyunca düzülmüş ticarət gəmiləri idi. Türkiyə Cümhuriyyətinin böyük çətinliklə çap etdirdiyi əskinasları daşıyan gəminin “Union Jack” bayrağı (“Union Jack” Britaniya bayrağının ləqəbidir) hansısa naməlum alman döyüş təyyarəsinin pilotunun ağzının suyunu axıtmış olmalı idi, çünki gəmi bir neçə dəqiqə ərzində aşsüzənə çevrildi.

Hədəf, təbii ki, ən azından o gün üçün birbaşa Türkiyə deyildi. Çünki Hitlerin Birinci Dünya müharibəsində güclü müttəfiqlik əlaqələri sayəsində Türkiyəni işğalçılıq planlarında çox geridə qoyması hamıya məlum idi. Lakin mövzu “bir nömrəli düşmən” olan ingilis gəmisi olduqda, alman qoşunları türk milli sərvətinin gözünün yaşına baxmadılar.


Britaniyanın “City of Rubaix” gəmisi, demək olar ki, orta ölçülü bir Afrika ölkəsinin büdcəsinə bərabər olan əskinas yükü ilə yavaş-yavaş suya batarkən Hollivud filmlərinə yaraşan maraqlı mənzərə yarandı. 100 lirə, 1 lirə və 50 kuruşluq türk sikkələri Pirey limanının sularında bağlamalar halında üzməyə başlamışdı. Təxminən yarım saat sonra bütün liman üzərində İsmət İnönü portreti olan 100 lirəlik, 1 lirəlik və 50 kuruşluq əskinaslarla örtüldü. Gəmidə 5 milyonluq 1 TL, 200 milyonluq 100 TL, 25 milyonluq 50 kuruş olmaqla ümumilikdə 230 milyon TL dəyərində kağız pul var idi.

Hava hücumunun şokunu təzəcə atmağa başlayan Pirey sakinləri bu qəribə mənzərəni görəndə əvvəlcə təəccübləndilər. Sikkələrin üzərindəki şəxs Anadoluda bir sıra müharibələrdə rəqiblərinə onlarla acı məğlubiyyətlər yaşadan şəxs idi. Amma nə olsun! Bəzən ən qədim düşmənçiliklərin öhdəsindən gəlmək üçün şirin bir həyat xəyalı kifayət edə bilər!

Bu xəbər tezliklə bütün şəhərə yayılmış və yüzlərlə kasıb yunan limana axışmağa başlamışdı. Ziyarətçilər mənzərəni görən kimi dərhal paltarlarını çıxarıb özləri ilə gətirdikləri çantalarla dənizə atılırdılar. Məqsəd səlahiyyətlilər gəlməmişdən əvvəl “qəniməti” toplamaq, mümkün qədər çox bağlamaları çantalara doldurmaq və gizlicə aradan çıxmaq idi.

Heç bir yunan təhlükəsizlik işçisi saatlarla sahildəki bu mənzərəyə müdaxilə etmədi. Əslində, “bacarmadı” demək daha düzgün olar, çünki bombardmandan sonra bütün şəhərdə asayişi qorumağa çalışan polis və əsgərlər üçün limanda baş verən bu hadisə sadəcə “xırda detal” idi. Ona görə də gün ərzində Türkiyənin batmış pullarını xilas etmək növbəsi gəlmədi.

Hadisədən cəmi bir neçə saat sonra Pirey küçələrində türk lirəsi ilə ən azı bir neçə yüz milyonçu dolaşırdı. Bu, bir ömür boyu firavanlıq və xoşbəxtlik demək idi. Bununla zarafat etmirik, çünki Avropanın dəhşətli inflyasiya ilə mübarizə apardığı o dövrlərdə müharibəyə getməyən türklərin “lirəsi” köhnə qitənin ən prestijli valyutalarından biri, hətta birincisi idi. Xüsusən də nəzərə almaq lazımdır ki, almanlar həmin yaxınlarda iqtisadi tarixdəki ən dəhşətli hiperinflyasiyaya görə öz pulları ilə uçurtmalar düzəldib, soba yandırırdılar...

“O əskinaslar artıq tarixdir!”

İsmət İnönü iqamətgahın pəncərəsindən dərin sükutla bayıra baxırdı. Baş nazirin gətirdiyi xoşagəlməz xəbərdən sonra Prezidentin əhvalının necə olduğunu başa düşmək üçün astroloq lazım deyildi.

Refik Saydam bu tutqun sükutu dağıtmaq üçün yenidən öskürdü və narahat bir tonda Prezidentə müraciət etdi: “Təcili qərar verməliyik, Zati-aliləri... Əskinasların çoxunu yunan xalqı götürüb... Nə əmr etsəniz, icra edəcəyik”.


Bu sözlərdən sonra İnönü döndü, stulunu çəkib masasına oturdu və başını əllərinin arasına alaraq dedi: “Bu andan etibarən nə ediləcəyi bəllidir, Refik bəy! Hökumətinizin təcili bəyanatı ilə biz bu əskinasların tədavülə çıxmasını dərhal ləğv etməliyik. Burada camaat səfalətdən əziyyət çəkdiyi halda, uşaqlarımızın qursağından keçməyən bir qayıq dolusu pulla başqa millətləri zənginləşdirə bilmərik”.

Sonra İsmət İnönü qələmini götürərək qarşısındakı boş kağıza tələsik bir mesaj yazdı, altını imzaladı və Baş nazirə uzatdı: “Bunu götürün, kabinetlə görüşünüzü yekunlaşdırın və dərhal geniş ictimaiyyətə lazımi izahat verin. Qərar Yunanıstanın hakimiyyət orqanlarına təcili teleqramla bildirilməlidir. Həmin gəmidə bir dənə də əskinas dövriyyəyə buraxılmayacaq. O əskinaslar artıq tarixdir!”.

Baş nazir qeydi götürüb otaqdan çıxarkən son dəfə İnönüyə döndü və “Başqa əmrin var idimi?” deyə sual verdi. İnönü “Yox” demək üçün başını yüngülcə tərpətdi və sonra dedi: “Yazıq oldu! Çox yazıq!”.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı sonrakı aylarda və illərdə yenidən “Thomas De La Rue” mətbəəsi ilə əməkdaşlıq etdi. Ancaq Pireydəki hadisələrin dərsi ilə “hər əskinasın fərqli bir ölkədə çapı” kimi yeni bir təcrübə tətbiq olundu. Çapların Böyük Britaniyada, eləcə də Almaniya və ABŞ-da çap mətbəələrində bölüşdürülməsiylə çatdırılma ilə bağlı risklər tədricən azaldıldı.

Digər tərəfdən, bu uğursuz hadisənin ən maraqlı nəticəsi çox sonra ortaya çıxacaqdı. 1940-cı illərdə Anadoluda rabitə vasitələrinin indiki ilə müqayisə olunmayacaq dərəcədə zəif olduğu bir vaxtda bir çox insan Ankarada alınan maliyyə qərarlarından tam xəbərdar ola bilmirdi. Türkiyənin vilayətlərində yaşayan insanlar bir-birinin ardınca dövriyyəyə buraxılan və üzərində İnönünün portreti olan yeni əskinaslardan hansının “etibarlı”, hansının “etibarsız” olduğunu anlaya biləcəkdə vəziyyətdə deyildilər.

Buna görə də bir çox sayıq yunan tacir vurulmuş gəmidən əldə etdiyi əskinasları xüsusən Türkiyənin şərq əyalətlərində türk tacirlərə satmağa nail oldu. Uzadılan qırış-qırış pullara şübhə ilə yanaşan türklər olanda onlar “Nədir, xəbəriniz yoxdur? Bu, hökumətinizin çıxardığı yeni puldur, İstanbuldan aldıq, baxın, daha yenidir” sözləri ilə inandırılırdılar.

Beləliklə, illər ərzində Anadoluda xeyli sayda etibarsız əskinas peyda oldu. 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatanda və Almaniya təslim bayrağını qaldıranda Ankara hələ də ölkədə “boş mina” kimi dövr edən bu əskinasların kökünü kəsməyə çalışırdı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Türkiyə   İnönü  


Bizi "telegram"da izləyin